AZƏrbaycanşÜnasliğIN
Вид материала | Документы |
Содержаниеİslam və modernləşmə problemi Azərbaycan təhsil sistemində kompyuterli təlimin pedaqoji xüsusiyyətləri |
- AZƏrbaycanşÜnasliğIN, 12064.5kb.
Bəşirova A.Q. Azərbaycan dilində texniki termin yaradıcılığı. Bakı, 1933.
Əsgərov H.A. Azərbaycan dilində maddi mədəniyyət leksikası. Bakı, 2006.
İsmayılova M.İ. Terminşünaslığın əsas məsələləri. Bakı, 1999.
Xudiyev N.M. Azərbaycan ədəbi dilinin lüğət tərkibinin zənginləşməsi. Bakı, 1993.
Məmmədli N.B. Alınma terminlər. Bakı, 1997.
Sadıqova S.A. Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafı. Bakı ,2005.
Nəcəfov Etibar
İSLAM VƏ MODERNLƏŞMƏ PROBLEMİ
XIX əsrdən bəri müsəlman xalqlarının mütərəqqi ictimai fikir tarixində modernləşmə problemi ən geniş şəkildə müzakirə olunan problemlərdən biri idi. Bu problemin müzakirəsi ilk növbədə obyektiv səbəblərlə bağlı idi. Belə ki, sosial- iqtisadi sahədə Qərb ölkələrinin müsəlman ölkələrini geridə qoymaları modernləşmə problemini müsəlman ziyalılarını maraqlandıran mühüm bir problem kimi gündəmə gətirmişdir. Müsəlman ölkələrinin görkəmli mütəffəkirləri İslam dünyasının gerililiyinin səbəblərinin aradan qaldırılmasını cəmiyyətin modernləşməsində görürdü. Modernləşmə dedikdə isə onlar Qərbin sosial- iqtisadi sahədə inkişafına səbəb olan onun elm, təhsil və texnika sahəsində əldə etdiyi nailiyyətləri nəzərdə tuturdular.
XIX əsrdə İslam dünyasının sosial- iqtisadi sahədə geridə qalması haqqında Qərb müəllifləri də yazırdılar. Lakin onlar bu geriliyin əsas səbəbini İslam dinində görürdülər. Onlardan biri olan XIX əsr fransız filosofu Ernst Renan əsərlərində göstərirdi ki, İslam elmin inkişafının qarşısını alır, ərəblər isə təbiətlərinə görə fəlsəfə və metafizikanı sevmirlər. Renanın bu fikirləri XIX əsr İslam dünyasının görkəmli mütəffəkirləri Namiq Kamal və Cəmaləddin Əfqani tərəfindən tənqid olunmuşdur.
Cəmaləddin Əfqani (1836-1897) “Renana məktub” adlı əsərində qeyd edirdi ki, müsəlman dininin meydana gəldiyindən sonra elm və incəsənət sahəsində İslam dünyası Xristian dünyasını geridə qoydu (1, s. 45-56). 775-ci ildən XVIII əsrin ortasınadək, yəni təxminən 500 il ərəblər qədim yunanların elmi nailiyyətlərini götürərək onları inkişaf etdirdilər və sonra ərəb yarımadasından Avropayadək yaydılar. Əfqaninin fikrincə, müasir dövrdə elm və tərəqqinin qarşısında olan maneələri İslam aradan götürməyə çalışır, Quranın əsl ruhu azadlığa və müasir ideyalara uyğun gəlir. Qərb müəlliflərini tənqid edərək Əfqani hesab edir ki, İslam elmə, təfəkkürə zidd deyil. Bununla belə o, qeyd edirki ki, gerçəkliyə uyğun gəlməyən və xalqın maariflənməsinə maneçilik törədən dindəki köhnə ideyalardan əl çəkmək lazımdır. Onun fikrincə, bu proses inkişaf etmiş Qərb ölkələrinin elmi və maddi-texniki nailiyyətlərinin qəbul olunması ilə eyni vaxtda həyata keçirilməlidir. Mənəvi sahədə dəyərlərə gəldikdə, Əfqani inanırdı ki, İslamın mənəvi dəyərləri digər dinlərin mənəvi dəyərlərindən yüksək olduğuna görə bu sahədə heç bir iqtibasa yol verilməməlidir. Hətta İslamın mənəvi dəyərləri Qərbin təcavüzündən səmərəli müdafiə amili rolunu oynayır. Beləliklə, Əfqani modernləşmə problemini İslam və Qərb sivilizasiyasının münasibəti müstəvisində nəzərdən keçirirdi. Bu problemə eyni müstəvidən görkəmli türk sosioloqu Ziya Göyalp da yanaşmışdır.
Ziya Göyalpın (1871-1925) modernləşmə probleminə öz münasibətini bildirərkən ilk növbədə panislamistlərin və qərbçilərin İslam və Qərb sivilizasiyasının bir-birini istisna etmələri haqqında fikirlərini təkzib edir. O, hesab edir ki, bu cür yanlış fikirlərin məntiqi nəticəsi kimi Türkiyədə modernləşmənin perspektivlərinin olmamasını göstərmək və Qərb sivilizasiyasının elmi və maddi-texniki nailiyyətlərinin qəbul olunması imkanını inkar etməkdir. Ziya Göyalpın fikrincə, bu cür yanlış ideyaların nəzəri əsası dinin sivilizasiya ilə eyniləşdirilməsidir. Bunun nəticəsində İslam Şərq sivilizasiyası ilə, Xristianlıq isə Qərb sivilizasiyası ilə eyniləşdirilir. Göyalp hesab edir ki, din mahiyyətcə beynəlmiləl olan sivilizasiyanın deyil, mədəniyyətin tərkib hissəsidir. Rasionalist təfəkkürə və pozitiv elmə əsaslanan müasir Qərb sivilizasiyası mahiyyətcə sekulyardır. Buna görə də, onu xristian xalqları ilə bərabər müsəlman xalqları da qəbul edə bilərlər.
Ziya Göyalp digər dinlər kimi İslam dinini də sosial bir hadisə kimi qələmə verir (3, p. 214- 222). Bu fikrin məntiqi nəticəsi dinin də transformasiyaya uğraması ideyasıdır. Dinin dəyişikliyə uğraması haqqında ideya tərəqqiyə maneçilik törədən dini adət-ənənələrdən azad olmağa imkan verir.
Ziya Göyalp İslamın ictimai inkişafda, xüsusilə şəxsiyyətin formalaşdırılmasında əvəzsiz rolunu qeyd edir. O, müfavizəkar panislamistlərdən fərqli olaraq, İslamın bir mədəniyyət dəyəri kimi mənəvi-etik əhəmiyyətini vurğulayır. Onun fikrincə, İslamın bütün ayinləri, mərasimləri fərdin davranışına təsir göstərərək onu şəxsiyyətə çevirir. Məsələn, orucluq, namaz, həcc insanlarda heyvani hisslərin qarşısını alaraq onları şəxsiyyərə çevirir. Beləliklə, Göyalp İslam dininin dəyərlərinin izahına münasibətdə fanatizmin yaranmasına səbəb olan doqmatik yanaşmanı rədd edərək, rasionalist yanaşmaya əsaslanır.
İslama mənəvi-etik baxımdan yanaşılmanın, onun sırf bir etik din kimi qələmə verilməsinin məntiqi nəticəsi dinin dövlətdən ayrılması ideyasıdır. Göyalp bu ideyanın əhəmiyyətini açıqlayarkən qeyd edir ki, dinlə dövlətin birləşməsi həm dinə, həm də dövlətə mənfi təsir göstərir. Belə ki, dövlətin maraqlarına xidmət edən din öz müstəqilliyini, həmçinin mənəvi-etik xarakterini itirir. Dini qanunlarla idarə olunan dövlət isə despotik-teokratik hakimiyyət sisteminə çevrilir. Lakin Göyalp dinlə dövlətin bir-birindən tamamilə ayrılmasının da tərəfdarı deyil. O, İslamın şəxsiyyətin formalaşması üçün vacib olan mənəvi-etik potensialının mütərəqqi ictimai və dövlət ideyalarının həyata keçirilməsində mühüm olmasını qeyd edir. Başqa sözlə desək, İslamda olan potensialı dövlət cəmiyyətin modernləşməsi məqsədilə istifadə edə bilər. Atatürkün layiklik ideyasını xarakterizə edən, Amerika politoloqu P.Dyumont öz tədqiqatında qeyd edir ki, İslamı cəmiyyətin modernləşmə amili kimi istifadə etmək ideyasını irəli sürənlərdən biri Ziya Göyalp olmuşdur (2, p.2). İslamın mənəvi –etik potensialının cəmiyyətin inkişaf etdirilməsi, modernləşdirmə amili kimi istifadə edilməsinin konkret misalı kimi vətəndaşların vəzifələrinin məzmununun dini baxımdan izah olunmasıdır.
Beləliklə, Cəmaləddin Əfqani və Ziya Göyalp kimi görkəmli müsəlman tədqiqatçıları müfavizəkar panislamistlər və Renan kimi Qərb alimlərindən fərqli olaraq İslam və əsasında Qərb sivilizasiyasının müəyyən nailiyyətlərinin qəbul olunması duran modernləşməni bir-birinə qarşı qoymurdular. Əksinə onlar İslamla və modernləşmə arasında ziddiyyətin olmamasını qeyd edirdilər.
İslamla modernləşmənin ziddiyyətdə olması haqqında fikir Renandan bəri Qərbdə həmişə bu və ya digər tədqiqatçı tərəfindən söylənilmişdir. XX əsrin 90-cı illərinin əvvəllərindən Qərb ölkələrində İslama qarşı hücumlar intensiv və sistemli şəkil aldı. Bunun əsas səbəblərindən biri Sovet imperiyasının dağılmasının nəticəsində SSRİ-nin bir sıra keçmiş respublikalarında İslamın mövqelərinin möhkəmlənməsi olmuşdur.
Müasir dövrdə Qərb ölkələrində İslama qarşı hücumların intensivləşməsinin əsas məqsədi İslamı bir din kimi doqmatik, reqressiv, mühavizəkar, onun demokratiyaya zidd olmasını “sübut” etməkdir. Bu “missiyanı” Məhəmməd Peyqəmbərin karikaturasını çəkən və onu yayanlar, İslam əleyhinə film çəkənlər və başqaları həyata keçirirlər. İslama qarşı atılan addımlardan ən təhlükəlisi isə ictimai-fikir tarixində İslamım mənfi obrazını yaradan əsərlərdir. Belə əsərlərdən biri Amerika politoloqu Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması və yeni düzəmin formalaşması” adlı əsəridir. Bu əsərdə Hantinqton müsəlman ölkələrində demokratiyanın yayılması ideyasına şübhə ilə yanaşır. Bununla əlaqədar o, qeyd edir ki, 1800-cü illərin sonundan bəri liberal demokratiya müsəlman cəmiyyətlərində yayıla bilmir (4, p.29). Əsərin başqa bir yerində isə o, post-sovet ölkələrin sosial-iqtisadi və siyasi inkişafının perspektivlərini proqnozlaşdırarkən qeyd edir ki, müsəlman ölkələrində demokratiyanın bərqərar olma imkanı yoxdur (4, p.39). İslamın modernləşmə ilə, xüsusilə modernləşmənin mühüm nailiyyəti olan liberal demokratiya ilə uzlaşa bilməməsi ideyası Hantinqtonun əsas ideyalarındandır.
Müasir dövrdə Qərb ölkələrində İslama qarşı digər çıxış edənlərdən fərqli olaraq Hantinqton özünün anti-islamist çıxışlarını irəli sürdüyü sivilizasiya yanaşması vasitəsilə əsaslandırır (5, c. 24-33). Lakin o, buna nail ola bilmir. Belə ki, onun İslamla demokratiyanın bir-birinə zidd olmaları haqqında fikirləri onun İslam mədəniyyətinin Qərb sivilizasiyasının dəyərlərinə zidd olması fikirlərindən irəli gəlir. Hantinqtonun fikrincə, dünya sivilizasiyalarının müəyyən mədəniyyət dəyərlərindən yaranmaları səbəbindən onların toqquşması labüddür. Lakin bu kimi pessimist nəticə Hantinqtonun mədəniyyət ilə sivilizasiyanın bir-birilə eyniləşdirilməsindən, həmçinin mədəniyyət dəyərlərinin sabit və mühavizəkar olması ideyasının mütləqləşdirilməsindən irəli gəlir.
Qeyd edmək lazımdır ki, mədəniyyət ilə sivilizasiyanın bir-birilə eyniləşdirilməsi düzgün deyil. Belə ki, mədəniyyət və sivilizasiya mahiyyətcə fərqli sosial hadisələrdir. Daha konkret desək, mədəniyyət milli, sabit, dəyişməyə gec uğrayan bir hadisədir. Sivilizasiya isə beynəlmiləl, dəyişməyə tez uğrayan bir hadisədir. Mədəniyyətin dəyərlərindən fərqli olaraq sivilizasiyanın dəyərələrini müxtəlif xalqlar qəbul edə bilər. Demokratiya Hantinqtonun dediyi kimi Qərb mədəniyyətin deyil, Qərb sivilizasiyasının dəyəridir. Buna qörə də ona hər bir xalq, o cümlədən müsəlman xalqları öz tarixi inkişafının müəyyən mərhələsinə çatdırqa nail ola bilərlər.
Beləliklə, demokratiya və ümumiyyətlə modernləşmə bir inkişaf modeli kimi müsəlman ölkələrində də tətbiq oluna bilər.
ƏDƏBİYYAT
- Əfqani C. Seçilmiş əsərləri, Bakı, 1998
- Dumont P. Islam as a Factor of change and revival in modern Turkey. In: Turkic culture: Continuity and change. Edited by Akural S.M., Bloomington, 1987, p. 2
- Gokalp Z. Islam and modern civilization. In: Berkes N. Turkish nationalism and western civilization, Columbia University Press, 1959, p. 214-222
- Huntington S. The clash of civilizations and the remaking of world order. New York, Simon and Schuster, 1996, p.111.
- Наджафов Э.А. Цивилизационный подход к исследованию международной политики Самуилом Хантингтоном. “Sosial Bilgilər”, 2002, N 1, s. 24-33.
SUMMARY
The article deals with investigation of one of the most urgent topics in the contemporary social sciences- relationship between Islam and Modernization. The author criticizes the opinion of some of Western scholars who deny the possibility of acceptance of modernization model of development, particularly democracy by the Muslim states.
РЕЗЮМЕ
В статье анализируется проблема соотношения Ислама и модернизации. Эта проблема является одной из широко обсуждаемых проблем. Автор критикует взгляды некоторых западных ученых, которые отрицают возможность принятия мусульманскими странами модернизации как модели общественного развития, а также построения демократического общества.
Novruzova Xumar
AZƏRBAYCAN TƏHSİL SİSTEMİNDƏ KOMPYUTERLİ TƏLİMİN PEDAQOJİ XÜSUSİYYƏTLƏRİ
Həyatımızın bütün sahələrini əhatə etmiş informasiyalaşdırma prosesi təhsilin informatlaşması kimi mühüm istiqamətə malikdir. Təhsil sistemimiz «adi kompyuter savadlılığı»ndan bu gün artıq orta və ali təhsil müəssisələrimizin müasir texniki avadanlıqla tam təmin olunmasına qədər bir yol keçmişdir. Təhsildə yeni texnologiyaların tətbiqi ilə bağlı bir sıra mühüm dövlət sənədləri imzalanmışdır. Bu sahədə hazırda qarşıda duran ən mühüm problemlərdən biri respublikamızda yeni texnologiyaların əsasında ayrı-ayrı fənlərin tədrisi ilə bağlı proqramların hazırlanması və istifadə edilməsidir.
Müasir dövrdə bütün dünyada ümumtəhsil məktəblərində geniş islahatlar həyata keçirilir. Bu ilk növbədə elmi-texniki inqilab və cəmiyyətdə insan faktorunun rolunun artması, şəxsiyyətin intellektual inkişafında yaranan artımla bağlıdır.
Elmin və istehsalatın sürətlə bir-birinə inteqrasiyası insanlardan tamamilə yeni keyfiyyətləri tələb edir: yeni texnikanın öyrənilməsi, həyatın dəyişkən ritminə uyğunlaşmaq bacarığı, fəaliyyət sahəsinin dəyişdirilməsi və s. Dünyanın bir çox inkişaf etmiş ölkələrində təhsil sistemi ən mürəkkəb texnologiyalara uyğun şəkildə qurulur.
Ağırlıq mərkəzinin maddi işdən informasiya emalına keçirilməsi, informasiyanın iqtisadi kateqoriya kimi əhəmiyyət kəsb etməsi, dünya infrastrukturunun yeni informasiya texnologiyaları əsasında qurulması insan həyatının bütün sahələrinə informasiya texnologiyalarının nüfuz etməsi ilə əlaqədardır. Bu isə təhsil sistemində yeni metod və üsullardan istifadəni zəruri edir. Çünki, ənənəvi üsulla təhsil alan şagird bir neçə ildən sonra elm, texnika və iqtisadiyyatın gün-gündən artan tələblərinə uyğunlaşmaqda çətinliklərlə üzləşir. Ənənəvi təlim bilik, bacarıq və vərdişlərin mənimsədilməsi prosesidir. Bu təlim şagirdlərdə çox mühüm olan keyfiyyətləri tərbiyə etməklə yanaşı, onlarda çeviklik və müstəqillik kimi heç də az əhəmiyyətli olmayan keyfiyyətlərin qismən də olsa, qarşısını alır. Bunlar isə müasir dövrdə çox vacib amillərdir. Görkəmli rus alimi akademik A.P.Yerşov informatikanın, o cümlədən onun tərkib hissəsi olan proqramlaşdırmanın ikinci savad olduğunu müasir insanın oxumaq, yazmaq, müəyyən biliyə malik olmasından əlavə, həm də kompyuter savadına və proqramlaşdırma bacarığına malik olmasına diqqəti cəlb etmişdir
XX əsrin 70-ci illərindən etibarən kompyuter texnikasının güclü inkişafı cəmiyyətdə yeni bir sahənin – informasiyalı cəmiyyətin yaranmasına səbəb olmuşdur. İnformasiyalı cəmiyyət elə bir cəmiyyətdir ki, burada insanlar informasiya texnologiyalarının köməyilə əldə edilən biliklərin istehsalı, yadda saxlanması və reallaşdırılması ilə məşğuldurlar.
10-12 dekabr 2003-cü ildə Cenevrədə keçirilən İnformasiyalı cəmiyyət üzrə Dünya sammitində ölkə rəhbərliyinin inkişafı, 2002-ci ildə Azərbaycan Respublikası ilə BMT İT arasında imzalanmış «Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli strategiya (2003-2012-ci illər)» təhsil sistemimiz qarşısında yeni minilliyin prinsiplərində nəzərdə tutulmuş məqsədlərə çatmaq üçün kompyuter texnologiyalarından istifadə edilməsi vəzifəsini qoyur.
Kompyuterin təhsil sistemində tətbiqi ilə əlaqədar olaraq Azərbaycan təhsil sistemində təlimin məzmun, forma və metodlarının modernləşdirilməsi zərurəti yaranmışdır. Bu isə öz növbəsində tədris materiallarının yeni texnologiyalar əsasında yaradılması üçün mürəkkəb proqram təminatı tələb edir. Azərbaycanın orta məktəblərində tədris edilən informatika kursunun elmi əsasları informasiya texnologiyalarının praktik məsələlərin həllinin tətbiqində özünü göstərməlidir. Bu sahədə isə yalnız o zaman müvəffəqiyyət əldə etmək olar ki, şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınsın.
Müasir pedaqogika elmi inkişafetdirici təlim texnologiyalarını irəli sürür – bunun üçün təhsilalanın təfəkkürünü və digər psixi proseslərini inkişaf etdirmək məqsədilə təlimdə öyrənənin müstəqil və yaradıcı fəaliyyəti üçün əlverişli şərait yaradılmalıdır.
Kompyuterli təlimin psixoloji xüsusiyyətləri Kaptelinin V.N., Maşbits E., Robert İ., Gerşunski B.S., Polat E.S. və b. tərəfindən tədqiq edilmişdir. Kaptelinin kompyuterlə keçilən dərsdə müəllimin üzərinə düşən vəzifələrdən bəhs edərək göstərir ki, bu zaman müəllimin rolu azalmır, əksinə artır: bu, özünü müəllim əməyinin məzmununun dəyişməsində və onun psixoloji gərginliyinin artmasında biruzə verir. Çünki eyni zamanda bütün sinfin kompyuterdə sərbəst işinə nəzarəti həyata keçirmək lazım gəlir. Digər tərəfdən, kompyuterdə iş zamanı şagirdlər ənənəvi dərsdən fərqli olaraq, müxtəlif məsələlərin həlli ilə məşğul ola bilərlər – bu səbəbdən müəllim hər bir şagirdə xüsusi yanaşmalı, onlara lazımi köməyi vaxtında göstərə bilməlidir. Həmçinin şagirdlərin özləri arasında olan psixoloji fərqləri də nəzərdən qaçırmaq olmaz. Praktika göstərir ki, digər fənlərdən yaxşı nəticələr göstərən şagird kompyuterdə iş zamanı çətinlik çəkə bilər və əksinə. Kompyuterdən istifadədə ilk mərhələ sualın və ya məsələ həllinin düzgün və dəqiq qoyuluşudur, əks halda “maşın” insanın fikrində tutduğu, lakin düzgün ifadə etmədiyi əmri başa düşə bilməz. Kompyuterli təlimdə verbal-məntiqi proseslərin formalaşdırılması, formal sistemlərlə iş vərdişlərinin möhkəmləndirilməsi, diqqətin son nəticənin düzgün alınmasına yönəldilməsi və s. kimi faktorlar müsbət rol oynayır. Bütün bunlar birlikdə struktur-modullu refleksiv təfəkkür tərzini yaradır. Öyrədici kompyuter proqramlarına qoyulan tələblər və onların konkret riyazi modellərinin qurulması məsələləri M.A. Fokinin işlərində nəzərdən keçirilir.
Elektron hesablama maşınları ilə öyrənmək üçün respublikamızda müxtəlif təşkilatlarda hazırlanmış proqramlar mövcuddur. Lakin indiyə qədər texniki fənlərin öyrədilməsində kompyuter texnikasından istifadə üçün vahid proqram yoxdur. İşlənən proqram vasitələrinin didaktik məqsədləri lazımi tələblərlə müəyyənləşdirilməlidir. Sukar A.Y. göstərir ki, kompyuterdən dərsdə istifadənin bir sıra üstünlükləri var: kompyuterin qrafik imkanları; displeydəki dinamiklik və şagird tərəfindən idarə edilə bilən hərəkətləri; adi dərsdə həyata keçirilə bilməyən bir çox didaktik ideyaları və s. Dərsdə kompyuterdən istifadə məsələlərini tədqiq edən alimlərdən Gerşunski B.S., Maşbits E.İ., Robert İ.V. belə hesab edirlər ki, müxtəlif formalarda informasiyanın kompyuterə daxil edilməsi və kompyuterdən alınması, çox tez bir zamanda informasiyanın tapılması, tez və dəqiq hesablamaların həyata keçirilməsi və s. kimi amillər kompyuterin tədrisdə geniş istifadəsinə imkan yaradır.
Son illər Azərbaycanda həyata keçirilən təhsilin inkişafı proqramı təbiət-riyaziyyat ixtisası istiqamətində bu elmlərin daha geniş və dərindən öynənilməsini nəzərdə tutur. Müasir informasiya texnologiyaları məktəbin təkmilləşdirilməsinin mühüm alətinə çevrilir. Təhsil müəssisələri İKT ilə tam təmin edildikcə və tədris prosesinin təşkilinin yeni modellərinin tətbiqi nəticəsində məktəbin informatlaşdırılması özünün kamillik fazasına qədəm qoya bilər. Təhsilin informatlaşdırılması prosesi informasiyalı cəmiyyətin gələcək üzvlərində yuxarıda sadalanan bütün bu keyfiyyətləri – çeviklik, yaradıcılıq, intellektuallıq, kommunikasiya bacarıqlarını formalaşdırmalıdır. Tədrisdə kompyuterdən istifadə zamanı çox mühüm faktor – məntiqi düşüncənin inkişafına xüsusi əhəmiyyət verilməlidir: bunlara analiz, sintez, müqayisə, induksiya, deduksiya və s. aiddir. Doğrudur, kompyuterdən istifadədə təfəkkür fəaliyyətinin ayrı-ayrı komponentləri nəzərdən keçirilmir, lakin elementar düşüncə qabiliyyətlərinin müəyyən istiqamətə məqsədyönlü, düzgün yönləndirilməsi şagirdlərin intellektuallığının artmasına səbəb ola bilər. Azərbaycanın tədris sistemində kompyuterin tətbiqi təlim metodlarında, dərsin təşkili formalarında, ümumiyyətlə, dərsin məzmununda dəyişiklikləri tələb edir.
Kompyuterli təlimdə öyrədici proqramlardan geniş istifadə edilir. Hətta bir çox hallarda kompyuterli təlimlə öyrədici sistem anlayışları eyniləşdirilir. Öyrədici proqram pedaqoji proqram vasitələrindən biridir və aşağıdakı funksiyaları yerinə yetirir.
- bilik, bacarıq, vərdişlərin formalaşdırılması və onlara nəzarət;
- informasiya – sorğu;
- nümayişetdirici, yoxlayıcı proqram və s.
Öyrədici sistemlərdə kompyuter–şagird dialoqu həyata keçirilir. Dialoqun gedişində bir sıra amillər nəzərə alınmalıdır: sistemin fraqmentinin məqsədi hər bir addımda aydın olmalıdır; konkret məsələlərin həllində əldə edilən nəticələr əsasında ümumiləşdirmələr aparılmalıdır. Proqrama şagirdin təfəkkürünün inkişafına səbəb ola biləcək məsələlər daxil edilməlidir. Öyrədici proqramların pedaqoji istiqaməti dialoqun nəzərdə tutduğu tədris məqsədlərindən asılıdır. Ən sadə hallarda bu, konkret məsələ həlli ilə həyata keçirilən psevdodialoq, daha geniş mənada isə - şagirdlərdə əqli əməliyyatları, ümumi həll metodlarını formalaşdıran dialoqlardır.
Kompyuterli təlimdə iki metoddan istifadə edilir:
1) ənənəvi və ya fraqmental metoddan;
2) dərsin tamamilə kompyuterlə keçirilməsi ilə istifadə edilən metodlardan.
1-ci halda dərsin müəyyən bir hissəsində kompyuter texniki təlim vasitəsi kimi istifadə edilir: bu, şagirdlərin dərsdə fəallığının artmasına, əyaniliyin yüksəlməsinə səbəb olur. Lakin bu zaman müəllimin ustalığı və kompyuterdə şagirdlərin işinin düzgün təşkil edilməsi çox vacibdir, əks halda bu, dərsin pozulmasına və şagirdlərin çaşqınlığına gətirib çıxara bilər. Buna görə də şagirdlərin kompyuterdə iş vərdişləri ardıcıl olaraq inkişaf etdirilməli, ümumiyyətlə, kompyuterdən istifadə sadədən mürəkkəbə doğru, tədricən tətbiq edilməlidir.
2-ci halda bütün dərs kompyuterlə tədris edilə bulər. Bu zaman çox müxtəlif üsullar: hər bir şagirdin kompyuterin tətbiqi proqramlarında, sadə məsələ həlli üçün tərtib edilmiş proqramlarda fərdi işinin təşkilindən tutmuş şagirdlərin ekspert sistemlərdən, biliklər bazasından sərbəst istifadəsi nəzərdə tutulur. Bu metodun yuxarı siniflərdə tətbiqi daha məqsədəuyğundur. Yuxarı sinif şagirdlərinin texniki vərdişləri, kompyuterdə iş bacarığı kifayət qədər inkişaf etmiş olur. Bu qabiliyyət və vərdişlərin daha da inkişaf etdirilməsi, şagirdlərin bilik, bacarıq və vərdişlərinin artırılması məqsədyönlü şəkildə həyata keçirildikdə, daha yaxşı nəticələr əldə edilə bilər.
Ümumiyyətlə, çalışmaq lazımdır ki, kompyuterdən istifadə dərsi daha maraqlı etsin, şagirdlər daha fəal və daha müstəqil olsunlar. Mütəxəssislərin fikrincə, kompyuterdən istifadə etməklə təşkil edilən dərslərdə əsasən aşağıdakı amillər nəzərə alınmalıdır:
- Həll edilən məsələlərin intellektual cəhətdən mürəkkəblik dərəcəsi;
- Tez-tez təkrar edilən hərəkətlərin yaratdığı monotonluq;
- Şagirdlə kompyuter arasında hər an gedən ünsiyyətin yaratdığı dinamiklik və əks əlaqə.
Bu amillərin nəzərə alınmaması və yaxud düzgün qiymətləndirilməməsi isə dərsin keyfiyyətini aşağı salar, şagirdlərin həddən artıq yüklənmələrinə səbəb ola bilər, hətta onların sağlamlığına və psixoloji inkişafına mənfi təsir göstərmiş olar. Ona görə də kompyuterlə keçirilən dərslərdə müəllim şagirdlərin fəaliyyətini düzgün istiqamətləndirməli, onların fərdi xüsusiyyətlərini nəzərə almalıdır.