AZƏrbaycanşÜnasliğIN
Вид материала | Документы |
СодержаниеLermontov nəsrinin azərbaycan dilinə Müasir uşaq poeziyasinda vokativ və təqlidi sözlər |
- AZƏrbaycanşÜnasliğIN, 12064.5kb.
ƏDƏBİYYAT
1. Петров А.А Компьютерная безопасность. Криптографические методы защиты. ДМК Москва, 2000 г.
2. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu. 2004-cü il 26 may.
3. Д.Иртегов. Защита интеллектуальной собственности в Интернете, СПб, БХВ- Петербург, 2007г.
4. Ю.А. Солоницын, В.Холмогоров, Интернет. Энциклопедия, СПб, Питер, 2006г.
5. В.Е. Фигурнов Интернет для пользователя. Краткий курс. – М.: ИНФРА-М, 1999г.
6. Поисковая система. Википедия (ЭЦП).
Xudiyeva Sevinc
LERMONTOV NƏSRİNİN AZƏRBAYCAN DİLİNƏ
TƏRCÜMƏSİNİN BƏZİ MƏSƏLƏLƏRİ
(“Zəmanəmizin qəhrəmanı” romanının materialları əsasında)
Poetik əsərlərindən fərqli olaraq, Lermontovun nəsri Azərbaycan dilinə xeyli gec tərcümə edilmişdir. Amma bunun səbəbi Azərbaycanda yazıçının nəsrinin poetik əsərlərindən daha az maraq doğurması deyil. Dahi yazıçının dilimizə tərcümə olunan ilk nəsr əsəri «Zəmanəmizin qəhrəmanı» romanıdır. Əsər ilk dəfə XIX əsrin sonunda dilimizə tərcümə edilmiş, sonrakı dövrlərdə çoxlu sayda tədqiqat işinin obyektinə çevrilmişdir. Bununla belə, «Zəmanəmizin qəhrəmanı»nın tərcüməsində psixologizmin verilməsi, obrazların xarakterinin olduğu kimi tərcümə əsərinin oxucusuna çatdırılması məsələləri nədənsə tədqiqatçıların diqqətini bir o qədər özünə cəlb etməmişdir.
Azərbaycanlı tədqiqatçılardan L.Səmədova «Xalqları birləşdirən bağ» (16), Ə. Ağayev «Lermontov və Azərbaycan» (1), M.Bağırov «M.Y.Lermontov» (6), Ş. Qurbanov «Lermontov və Azərbaycan ədəbiyyatı» (8) monoqrafiyalarında Lermontov yaradıcılığının əsasən poetik xüsusiyyətlərini araşdırmışlar. Lermontov nəsrinin Azərbaycan dilinə tərcümə olunması problemləri isə ən ətraflı şəkildə T.Cəfərovun «Azərbaycan ədəbiyyatşünaslığında və tərcümələrdə M.Y.Lermontov prozası» kitabında tədqiq olunmuşdur. Müəllif özü kitabın girişində bununla bağlı qeyd edir: «Bu kitab M.Y.Lermontov prozasının Azərbaycanda öyrənilməsi, başa düşülməsi və tərcümə olunması problemlərinə həsr edilib» (13, 4).
Doğrudur R.Novruzov, N.Muradəliyeva, Y.Hüseynov, L.Mehdiyeva, Z.Qarabağlı, T.Cəfərov və bir çox başqa alimlərin də araşdırmalarında bədii ədəbiyyatın tərcüməsi zamanı orijinalın milli özünəməxsusluğunun, təsviri ifadə vasitələrinin, müəllifin fərdi üslubunun və s. qorunub saxlanılması məsələlərinə kifayət qədər geniş yer ayrılmışdır. Bununla belə, müasir tərcüməşünaslıqda rus nəsrinin tərcüməsi zamanı orijinaldakı psixologizmin olduğu kimi verilməsi probleminin tədqiqinə hələ də böyük ehtiyac var.
Hazırda Lermontovun demək olar ki, bütün iri həcmli nəsr əsərləri Azərbaycan dilinə tərcümə olunmuşdur. «Zəmanəmizin qəhrəmanı» romanının isə hətta üç tərcümə variantı mövcuddur.
Əsər ilk dəfə 1906-cı ildə Binalıbəy Arif Əfəndizadə, ikinci dəfə isə 1929-cu ildə A.Qərib tərəfindən tərcümə edilmişdir. Təəssüf ki, Arif Əfəndizadənin tərcüməsinin çap variantı qorunmamış və günümüzə gəlib çatmamışdır. Ancaq tərcümənin əlyazması Əlyazmalar İnstitutunda aşkar edilmiş və Lermontov yaradıcılığının tədqiqatçıları Ş.D.Qurbanov («Bir əlyazması haqqında» (9) və L.Səmədova «İnqilabdan əvvəlki Azərbaycanda «Zəmanəmizin qəhrəmanı» romanının Azərbaycan dilinə tərcüməsi» (16)) tərəfindən ətraflı təhlil olunmuşdur.
İxtisasca jurnalist olan Ələkbər Qərib oğlu Abbasov sovet dövründə rus klassik ədəbiyyatına müraciət edən ilk tərcüməçilərimizdəndir. A.Qəribin tərcüməsi, əlbəttə ki, o dövrün, yəni keçən əsrin 20-30-cu illərinin bədii tərcüməyə olan tələblərinə uyğunlaşdırılmışdır. Buna baxmayaraq, sonralar tərcüməçi repressiya edildiyinə görə onun tərcümələrinin çapına qadağa qoyulmuşdur.
1937-ci ildə «Zəmanəmizin qəhrəmanı» romanını Cabbar Məcnunbəyov Azərbaycan dilinə çevirmişdir. Əvvəlki iki tərcümə ilə müqayisədə bu tərcümə variantı özünə daha çox diqqət cəlb edir. Bu səbəbdən biz C.Məcnunbəyovun tərcüməsindən bəzi fraqmentləri orijinalla müqayisədə təhlil etməyə çalışacağıq.
C.Məcnunbəyov Azərbaycan ədəbiyyatında istedadlı dramaturq, yazıçı və tərcüməçi kimi tanınır. O, bir çox dahi rus klassiklərinin, o cümlədən L.N.Tolstoyun, İ.S.Turgenevin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. «Xalqları birləşdirən bağ» monoqrafiyasının müəllifi L.Səmədova A.Qəribin və C.Məcnunbəyovun tərcümələrini müqayisə edərək sonuncunun tərcüməsinə üstünlük verir, bununla belə yeni, daha mükəmməl tərcüməyə ehtiyac duyulduğunu da yazır (16, 144).
«Zəmanəmizin qəhrəmanı» əsərinin tərcüməsində psixologizmin verilməsi probleminin bəzi məsələləri barədə danışmazdan əvvəl bu romanın əsas süjet xətti və onun fərqli xüsusiyyətlərinə nəzər salaq.
Beş povestdən ibarət olan «Zəmanəmizin qəhrəmanı» 1840-cı ildə işıq üzü gördü. O, dərhal böyük uğur qazandı və ikinci dəfə hələ Lermontovun ölümündən əvvəl nəşr olundu» (17). Lermontovun nəqlinin sadəliyi, aydın və dəqiq ifadə vasitələri ilə seçilən bu romanının əsas süjet xəttini taleyin hökmüylə fəaliyyətsizliyə məhkum edilmiş güclü iradəyə sahib insan faciəsi təşkil edir. Bu səbəbdən onun hərəkətləri çox vaxt özünü - duelə çıxmaq, qız qaçırmaq, özgəsinin arvadını yoldan çıxarmaq kimi mənfi təzahürlərdə biruzə verir. Peçorin obrazında özünü təsdiq etdirə bilməyib cəmiyyətin tələsində çabalayan insan ruhunun dialektikası əks olunur. Romanın ən əsas fərqli xüsusiyyəti xarakterin tamamilə açılmamasıdır. Bununla bağlı Tomaşevski yazır: «Oxucu obrazların və süjet parçalarının hansısa bir niyyətə tabe etdirildiyini duyur…» (21, 514).
Peçorin müxtəlif situasiyalarda özünü fərqli aparır. Bu qəribə obrazın – «eqoist qəhrəmanın qəribə davranışının səbəbləri və motivləri oxucuya dərhal açılmır» (13, 47) Peçorinin davranışları və onun təhkiyəçi tərəfindən xarakterizəsi arasında da ziddiyyətli məqamlar var. Belə ziddiyyəti ətrafındakıların ona münasibətində də görmək mümkündür. Qəhrəmanın xarakterinin dəqiq çərçivələrini cızan Lermontov onun daxili aləmini bütünlüklə açmır. Bu baxımdan bəzi alimlər haqlı olaraq Peçorin sirrini əsrin sirri sayırlar.
Lermontov öz qəhrəmanını hər şeydən yuxarı tutur, amma buna baxmayaraq ilk plana onun xarici qəhrəmanlıqları yox, daxili dünyası çıxır. Yazıçı Peçorinin həyatından bir neçə dramatik məqamı xüsusi qabardır. Məhz bu məqamların seçilməsi heç də təsadüfi deyil. Romanda epizodlar bir-birinin ardınca psixoloji paralellərin aparılması və təzadların üzə çıxarılması prinsipinə əsaslanaraq əvəzlənir. Lermontov oxucunun diqqətini ətraf aləmdə baş verənlərdən yayındırıb qəhrəmanının daxili aləminə yönəldir. O, süjet xəttini Qafqazda baş verən hadisələr təşkil edən romantik romanlardakı ənənələrə sadiq qalır. Onun qəhrəmanı Marlinski qəhrəmanlarıyla sanki qohumdur. O, nəyə görə, nədən ötrü bu cür risq etdiyini anlaya bilmir. Digər tərəfdən Peçorin Bayron qəhrəmanlarıtək kin-küdurətlidir, qisas almaq ehtirası ilə alışıb yanır. Bununla bərabər, Peçorinin bir özünəməxsus xüsusiyyəti də var. O, şəxsi azadlığını hər şeydən üstün tutur: «…həyatımı, hətta namusumu belə iyirmi dəfə təhlükəyə qoyaram… Lakin azadlığımı satmaram» (4, 495).
Lermontovun «Zəmanəmizin qəhrəmanı» romanı ümumilikdə müəllifin dünyagörüşü sisteminin bir növ bədii təcəssümüdür. Rus ədəbiyyatında bu roman ilk sosial-psixoloji və fəlsəfi roman sayılır. Bununla belə «məğzi etibarilə Lermontovun romanı rus klassik ədəbiyyatının ən sirli əsəridir. Hələ bu günəcən bu kiçik əsər haqqında əsaslandırılmış bir fikir belə yoxdur. Bu suallar özünün birdəfəlik həllini tapmayıb: Peçorin obrazında rus həyatının müsbət və ya mənfi başlanğıcı əks olunub? O, milli tipdir, yoxsa qərbdən götürülmüş? Bu, romandır, yoxsa povestlər toplusu?» (22). Bu süalların hələ öz cavablarını tapmadığına baxmayaraq bir fakt inkaredilməzdir: Lermontov rus nəsrində özünün «Zəmanəmizin qəhrəmanı» əsərilə yeni bir cığır açmışdır.
««Zəmanəmizin qəhrəmanı»nın ideyasının meydana gəlməsi tarixçəsi məlum deyil: Lermontovun nə məktublarında, nə xatiratlarında bu haqda məlumat var» (23, 125). Hər şeydən əvvəl, dərin psixoloji təhlillərlə özünə diqqət çəkən bu romanın baş qəhrəmanı xaraktercə Lermontova doğma olan bir obrazdır. Amma bu heç də Peçorinin Lermontovun avtoportreti, prototipi olması demək deyil. Belinskinin anlamaq üçün «sətirlərinin arasını» (12, 455) oxumağı məsləhət gördüyü «Peçorinin gündəliyi»nin girişində Lermontov bu cür düşünənlərə istehza edir. Lakin Peçorin obrazında təhlilə meyilli ictimai şüur bədii şəkildə öz əksini tapıb. Təsadüfi deyil ki, İ.P.Şeblıkin Peçorini «XIX əsrin 30-cu illərinin düşünən şəxsiyyətinin mahiyyəti və perspektivləri haqda fikirlərini özündə cəmləyən» (23, 196) obraz kimi xarakterizə edir. M.Arif isə Peçorinin həyatdan qopmuş, romantik qəhrəman olduğunu yazır (6, 43).
Bildiyimiz кими, Lermontovun rus ədəbiyyatında ən böyük xidməti ilk dəfə psixologizmi bədii təsvirin əsas predmetinə çevirməsi, diqqəti hadisələrdən, süjetin zahiri təsvirindən insan ruhunun dərinliklərinə, insan davranışının gizli motivlərinə yönəltməsi idi. M.Y.Lermontov yaradıcılığının bu fərqli xüsusiyyətinə bələd olmadan onun əsərlərini başqa dillərə tərcümə etmək qeyri-mümkündür. Belə olan halda tərcümə istər-istəməz orijinal mətndən uzaq düşəcək, təhriflərə yol veriləcək. Üstəlik, tərcüməçi Lermontovun əsərini tərcümə edərkən onun şəxsiyyətinə də laqeyid qalmamalıdır.
Psixoloji ovqatın dolayısı ilə, epik təsvir yoluyla təqdim olunduğu məqamlar tərcümədə daha uyğun ifadəsini tapmışdır. Məsələn, təbiət hadisələrindən, eyni bir detaldan - günəş detalından istifadə etməklə M.Y.Lermontov əsərdə qəhrəmanın fərqli psixoloji ovqatını əks etdirə bilir. Peçorin Qruşnitski ilə duelə yollandığı səhəri belə təsvir edir: «Я не помню утра более голубого и свежего! Солнце едва высказалось из-за зеленых вершин, и слияние первой теплоты его лучей с умирающей прохладой ночи наводило на все чувства какое-то сладкое томление; в ущелье не проникал еще радостный луч молодого дня…» (16, 697). Tərcümə: «Bundan daha mavi, daha saf bir səhər gördüyümü xatırlaya bilmirəm! Günəş yaşıl dağların arxasından yenicə çıxmaqda idi, onun ilk şüalarının istiliyi gecənin çəkilməkdə olan sərinliyi ilə qovuşaraq bütün hisslərə dadlı bir yorğunluq gətirirdi; təzə günün sevincli şüaları hələ dərəyə süzülə bilmirdi…» (3, 511-512). «Və səhərin gözəlliyini belə incəliklə duyan, təbii və azad həyatın təzahürlərinə ürəkdən sevinən bir insan ölməyə hazırlaşırdı!» (20, 272). Bununla belə onun əhval-ruhiyyəsində pessimizmdən heç bir əsər-əlamət yoxdur. Amma qəhrəmanın Qruşnitskini öldürdükdən sonrakı əhval-ruhiyyəsindəki pessimizm aydın hiss olunur: «Отвязав лошадь, я шагом пустился домой. У меня на сердце был камень. Солнце казалось мне тускло, тучи его меня не грели» (16, 704). Tərcümə: «Atımı açaraq yavaş addımlarla evə tərəf yollandım. Ürəyimdən sanki bir daş asılmışdı… Günəş mənə tutqun görünür, onun şüaları məni qızdırmırdı» (3, 524). «Hisslərə dadlı yorğunluq» gətirən günəş, dueldən sonra artıq ona tutqun görünür, onu qızdırmır.
Vaxtilə Belinski yazırdı: «Lermontovun povestlərində dramatik hərəkət çox güclüdür» (20, 290). Aydın məsələdir ki, qəhrəmanın dramatik yaşamlarla müşayiət olunan əhvalını tərcümədə vermək daha çətindir; burada dramatizm toqquşdurulan mühakimələr hesabına əldə olunur: «Mən tez-tez özümdən soruşuram: axı nə səbəbə mən bu qədər inadla gənc bir qızın məhəbbətini qazanmağa çalışıram? Halbuki, onu özümə məşuqə etmək istəmirəm və heç bir vaxt onunla evlənməyəcəyəm də! Bu qadın şivələri (oxu: işvələri) nəyə lazımdır? – Vera məni knyajna Merinin bir zaman sevə biləcəyindən daha çox sevir: o mənə məğlub edilə bilməyəcək bir gözlə görünsəydi, bəlkə də bu təşəbbüsün çətinliyindən şövqə gələ bilərdim» (3, 460).
Əslində epizodda düşüncələrdən çox, qəhrəmanın iç yaşantıları qarşı-qarşıya qoyulur; belə olmasaydı, tərcümədə diqqətimizi çəkən bir məntiqi səhvin izahını vermək çətinləşərdi. Ümumi situasiyadan bəllidir ki, Peçorin bütün epizod boyu gənc qız – knyajna Meri haqqında düşünür; «o mənə məğlub edilməyəcək…» deyəndə də məhz knyajna Merini nəzərdə tutur. Halbuki, cümlədəki məntiqi ardıcıllığı əsas götürsək, söhbətin Veradan getdiyini düşünməliyik. Dediklərimizin həqiqət olduğunu sübut etmək üçün orijinala nəzər salaq: «Я часто себя спрашиваю, зачем я так упорно добиваюсь любви молоденькой девочки, которую обольстить я не хочу и на которой никогда не женюсь? К чему это женское кокетсво? Вера меня любить больше, чем княжна Мери будет любит когда-нибудь; если б она мне казалась непобедимой красавицей, то, может быть, я бы завлекся трудностью предприятия…» (16, 668).
Məsələ burasındadır ki, tərcüməçi mətnin bu hissəsini hərfi tərcümə etmiş, bununla da sintaktik yanlışlığa yol vermişdir. O, psixoloji ovqatın iç dramatizminə lazımınca köklənə və daxili toqquşmanın adekvat tərcümə variantını tapa bilməmişdir. Burada tərcümə dilinin qəlizliyi də özünə diqqət çəkir. Məsələn, «onu özümə məşuqə etmək» əvəzinə, sadəcə «onu yoldan çıxarmaq» frazeologizmindən istifadə etmək olardı; həm də bu «dil» birbaşa qəhrəmanın Meriylə bağlı düşüncələrindən «gəlmir». Sonuncu cümlənin konstruksiyası «Yəni knyajna Meri məni haçansa Vera qədər sevə biləcəkmi…» şəklində qurulsaydı, orijinala daha uyğun olar və sonra gələn «o» əvəzliyi də knyajna Meriyə aid edilərdi.
Həmin parçadakı «məğlub edilə bilməyəcək bir gözlə» ifadəsindəki tərcüməçi səhvi səthi göründüyündən, onu sadəcə redaktə xətası hesab etmək olar. Amma əsərin 1929-cu ildə edilən tərcüməsində bu xəta yoxdur: «O mənə məğlub edilə bilməyəcək bir gözəl kimi görünsə idi, onda bəlkə də, mən bu təşəbbüsün çətinliyindən şövqə gələ bilərdim…» (5, 166).
Sonda qeyd etmək lazımdır ki, klassik rus nəsrinin, xüsusilə məqalədə sözü gedən Lermontov psixologizminin Azərbaycan dilinə tərcümələrdə əks etdirilməsi məsələsi hələ də öz ətraflı tədqiqatını gözləyən məsələlərdəndir.
ƏDƏBIYYAT
- Ağayev Ə. Lermontov və Azərbaycan. Bakı: Azərnəşr, 1941, 55 s.
- Arif M. Zəmanəmizin qəhrəmanı // İnqilab və mədəniyyət, 1929, №5, s. 43-44.
- Lermontov M.Y. Əsərləri. Bakı: Azərnəşr, 1929, 238 s.
- Lermontov M.Y. Əsərləri. 4 cilddə. IV cild. Bakı: Azərnəşr, 1967, 606 s.
- Əliyev R. Müasir dövrdə Azərbaycan dilinə tərcümənin nəzəri və praktik prinsipləri // Dissertasiya işi, Bakı: 2007, 153 s.
- Bağırov M. M.Y.Lermontov (həyat və yaradıcılığı). Bakı: Azərnəşr, 1964, 60 s.
- Cəfər M. XIX əsr rus ədəbiyyatı. I hissə. Bakı: Maarif, 1988, 201 s.
- Qurbanov Ş. Lermontov və Azərbaycan ədəbiyyatı. Bakı: Maarif, 1976, 66 s.
- Qurbanov Ş. Bir əlyazması haqqında // Ədəbiyyat və incəsənət, 1983, №9, 4 mart.
- Андреева Е.П. Толстой-художник в последний период деятельности. Воронеж: Изд-во. ВГУ, 1980, 270 стр.
- Аннинский Л. Лев Толстой и кинематограф. М.: Искусство, 1980, 288 стр.
- Белинский В.Г. Полное собрание сочинений. т. 5. Статьи и рецензии 1841-1844. М.: АН СССР, 1954, 863 стр.
- Бахтин М. Эпос и роман // Вопросы литературы. 1970, №1, стр. 110-119.
- Джафаров Т. М.Ю.Лермонтов. Очерк творчества. Баку: АГКП, 1997, 76 стр.
- Есин А. Б. Психологизм русской классической литературы. М.: Просвещение, 1988, 174 стр.
- Левый И. Искусство перевода. М.: «Прогресс», 1974, 397 стр.
- ссылка скрыта Д. Проза Лермонтова ссылка скрыта
- Михайлова Е.Н. Проза Лермонтова. М.: Гослитиздат, 1957, 382 стр.
- Самедова Л.Г. Народов связующая нить. Баку: Йазычы, 1980, 144 стр.
- Самедова Л.Г. Перевод романа «Герой нашего времени» на азербайджанский язык в дореволюционном Азербайджане // Сов. Тюркология АН Азерб. ССР. Баку: 1988, №3, стр. 41-49.
- Томашевский Б.В. Проза Лермонтова и западноевропейская литературная традиция // Литературное наследство. Т.43-44. М.: 1941, стр. 469-516.
- История изучения романа М.Ю Лермонтова «Герой нашего времени» (автореферат) ссылка скрыта
- Щеблыкин И.П. Лермонтов. Жизнь и творчество. Саратов: Приволжское книжное издательство, 1990, 261 стр.
РЕЗЮМЕ
В данной статье рассматривается некоторые вопросы перевода прозоческих произведений М.Ю.Лермонтова на азербайджанский язык на материале его романа «Герой нашего времени». Автор статьи выявляет недостатки и упущения переводчиков при воссоздании психологического портрета главного героя произведения Печорина.
SUMMARY
The article is considered to analyze the specific translations of the novel by M.Yu.Lermontov “The Hero of Our Era”and the lacks and omissions of the translators recreating the psychological portrait of the main character of the novel – Pechorin.
İsgəndərova Nüşabə
MÜASİR UŞAQ POEZİYASINDA VOKATİV VƏ TƏQLİDİ SÖZLƏR
Azərbaycan xalqının zəngin mədəni-mənəvi dəyərlər sistemində uşaq poeziyasının müstəsna yeri var. Bu zəngin ədəbi irsin uşaqların təlim-tərbiyəsində, təhsilində, milli və ümumbəşəri dəyərlərə yiyələnməsindəki rolu əvəzsizdir.
Şifahi xalq ədəbiyyatından qaynaqlanan müasir uşaq poeziyasında vokativ və təqlidi sözlərdən geniş istifadə olunması təbiidir. Vokativ sözlər daha çox uşaq şeirləri üçün səciyyəvi olan dil vahidləridir. “Müəyyən obyektə müraciət məqsədilə işlənən və əsasən oxşama, nəvaziş, əzizləmə məzmunu daşıyan bu bədii vasitələr dilimizdə xüsusi bir leksik-qrammatik kateqoriya təşkil edir” [1, s.39].
Vokativ sözlər laylaların bədii təsvir gücünü, emosionallığını artırır:
Laylay, beşiyim, laylay,
Evim, eşiyim, laylay...
Bu misralardakı səmimiyyəti, emosionallığı ifadə etmək baxımından vokativ sözlər əvəzolunmaz dil faktı kimi çıxış edir. Həssaslıq və emosionallıq böyüklərə nisbətən uşaqlarda daha güclü olur. Uşaqlar ətraf mühitə, hadisələrə daha çox emosiyalarla münasibət bildirirlər. Həyata təzə qədəm qoyan körpələr həzin, ahəngdar deyim tərzini duyur və bunu mehribanlıqla qarşılayırlar. Laylalardakı bu xüsusiyyətlər, yəni “həzinlik, emosionallıq körpə böyüdükcə başqa şəkil alır, yeni əxlaq normaları ilə, nəsihətlətlə qovuşaraq dəyişir, emosional zənginlik kəsb edir, uşaqların danışıq tərzinə, leksikonuna daxil olur”. [4, s.22]
Uşaqlar dilə qarşı çox həssas olduqları üçün sözləri ünsiyyət prosesində mənimsəyirlər. Əzizləmə, nəvaziş bildirən sözlər onların nitqinə tez yol tapır və işlək mövqe tutur. Uşaq nitqinin vokativ sözlərlə zənginləşməsi mühüm tərbiyəvi əhəmiyyət daşıyır ki, bu da uşaq şeirlərinə verilən başlıca tələblərdən biridir.
Şifahi xalq ədəbiyyatı ilə yanaşı, klassik uşaq poeziyasında da vokativ sözlərin işlənməsinə aid gözəl nümunələrə rast gəlinir:
Göyərin, göy çəmənlərim, göyərin.
Sünbülüm, yasəmənlərim, göyərin.
Açılın, iyli güllərim, açılın,
Allı-əlvanlı güllərim, açılın. (A.Səhhət)
Layla dedim, yat, ciyərimin parası,
Ağlama çox, ey gözümün qarası.
Olma yemək-içməyin avarası,
Layla quzum, layla gözüm, yatgilən,
Rahat olub bir azca boy atgilən. (A.Şaiq)
Nümunələrdən göründüyü kimi, vokativ sözlər nəvaziş, oxşama, əzizləmə bildirir və cümlədə sintaktik xüsusiyyətinə görə xitab kimi işlənir. Sözlərin vokativ xüsusiyyət daşıması üçün mətnin və intonasiyanın əsas rolunu da qeyd etmək vacibdir.
Müasir uşaq poeziyası nümunələrində ənənəyə uyğun olaraq həm “Laylay” mövzulu şeirlərdə, həm də digər uşaq şeirləri nümunələrindəki müraciət, əzizləmə məqamında işlənən vokativ sözlərə tez-tez rast gəlmək olar. Vokativ sözlər “... poeziyada, ən çox da uşaq şeirlərində poetik obrazlılıq yaratmaqda misilsiz vasitə kimi işlənir”. [2, s.101]
Uşaq şeirlərindəki vokativ sözlər təkcə insana yox, digər canlılar, eləcə də cansız əşyalara müraciətlə işlənə bilir. Belə vokativ sözlər həm də canlandırma, şəxsləndirmə bildirən xitablar kimi diqqəti cəlb edir:
İnəyim, can inəyim,
Adı – Mərcan inəyim. (M. Dilbazi)
Xoşbəxtdir ömrüm, günüm,
Yaşa, ay gözüm, canım!
Yaşa, günəşli yurdum,
Yaşa, Azərbaycanım! (Ş.Aslan)
Vokativ sözlər yiyəlik halda olan şəxs əvəzliyinə qoşulduqda məna daha da qüvvətlənir, şəxs əvəzliyi müraciətdəki nəvazişi, səmimiliyi daha da artırır:
- Yuxu getmir gözümə.
- Niyə, ay mənim gülüm?
- Günəş düşür gözümə. (M. Quluzadə)
Sözün apelyativ funksiyasını (müraciət, çağırış məqsədilə işlənməsi) əks etdirən vokativ sözlər uşaq şeirlərinin əsas elementlərindən biri kimi obrazlılıq yaradan üslubi vasitə kimi mühüm əhəmiyyət daşıyır.
Obyektiv aləmdəki canlı varlıqların, cansız əşya və hadisələrin səslərini, hərəkət və obrazlarını eşitmə və görmə təsəvvürlərinin köməyi ilə təqlid edilib yamsılanmasından əmələ gələn sözlər təqlidi sözlərdir. Təqlidi sözlər daha çox azyaşlı uşaqlar üçün yazılmış şeirlərdə işlənir. Bu sözlər ətraf mühit haqqında təsəvvürlərin formalaşmasında, əyaniliyə və obrazlılığa xidmət etməkdə əvəzsiz rol oynayır. Bu baxımdan yanaşsaq, uşaq şeirlərini təqlidi sözlərsiz təsəvvür etmək düzgün olmazdı. Məktəbəqədər yaşlı uşaqların leksikonunda təqlidi sözlərin tez-tez işlənməsi təbiidir. Çünki onlar bir çox əşyaların, hadisələrin, təbii proseslərin adlarını deyə bilmədikdəsəs təqlidi sözlərdən istifadə etməli olurlar. Buna görə də uşaq şeirlərində təqlidi sözlərdən istifadə həm təbii, inandırıcı görünür, həm də mühüm üslubi vasitə kimi bir sıra üslubi çalarlar ifadə edir.
Təqlidi sözlər, hər şeydən əvvəl, uşaq nitqini zənginləşdirən, uşaq psixologiyasına daha yaxın olan leksik anlayış kimi diqqəti cəlb edir.
Uşaq şeirlərində işlənən təqlidi sözlər görmə və eşitmə duyğuları əsasında yaranmaqla daha çox əyaniliyə və obrazlılığa xidmət edir. Təqlidi sözlər zəngin məna çalarlarına və güclü təsir qüvvəsinə malikdir.
Səs təqlidi əsasında yaranan sözlər uşaq nitqinin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Uşaqlar təsvir olunan hadisəni səs təqlidi vasitəsi ilə daha yaxşı, əyani şəkildə qavrayırlar. Bu məqamda istifadə olunan səs təqlidi sözlər əşya və hərəkətlə bilavasitə bağlı olduğu üçün uşaqların diqqətini cəlb edir:
1. Dəyir ağaca Balta Tap, tap! Əyir ağacı Balta Ta-aa-rap! (T.Elçin) | 2. Yağış yağır şır-şır, Sellər axıb-daşır (T.Elçin) 3. Baxıb sevindi Şır-şır bulağa. Dedi: - A şır-şır! Dörd yanın yarpız (M.Dilbazi) |
Bu şeir nümunələrindəki təqlidi sözlər məna tutumuna, üslubi fəallığına görə diqqəti cəlb edir. İlk nümunədə təqlidi sözlərdən istifadə zamanı məntiqi ardıcıllıq əsas götürülməklə müəllif təsvir etmək istədiyi mənzərəni – ağacın kəsilməsinin sanki canlı, əyani təsvir etmişdir.
İkinci nümunədəki şır-şır – səs təqlidi də əyaniliyə, obraz yaradılmasına xidmət etməklə həm də qafiyə məqamında işlədilib və şeirə oynaqlıq, ritm gətirib, uşaqların xoşladığı ahəngdarlığa xidmət edib.
Üçüncü şeir nümunəsində isə M.Dilbazi «şır-şır» sözünü bulaq sözünün atributu kimi mətnə daxil etmiş və növbəti misrada həmin sözü substantivləşdirməklə xitab vəzifəsində işlətmişdir.
Uşaq psixologiyasına yaxşı bələd olan şairlər azyaşlı oxucunun diqqətini daha yaxşı cəlb etmək, əyanilik yaratmaq, canlı obrazlar sistemini çox yığcam şəkildə təsvir etmək məqsədilə sücetli şeirlərdə səs təqlidi sözlərdən geniş istifadə edirlər. Əslində həmin sözlər şeirin məzmununu bir-başa, həm də əyani, anlaşıqlı şəkildə çatdırmağa imkan yaradır. Bu səbəbdən də uşaq şeiri yazan şairlərin səs təqlidi sözlərə tez-tez müraciət etmələri təbii görünür. Belə şairlərdən T.Elçin, M.Dilbazi, İ.Tapdıq və başqalarının yaradıcılığı xüsusilə seçilir.
Təqlidi sözlər uşaq şeirlərində ritmik səslənmənin, həm də emosionallığın qüvvətli olması üçün gözəl vasitə rolu daşıyır və uşaq şeirlərinin səciyyəvi xüsusiyyəti kimi özünü göstərir. Uşaq şeirlərində bəzi səs təqlidi sözlərin müxtəlif variantlarda verilməsi həmin sözlərin səs tərkibinin tam sabitləşməməsi ilə bağlıdır. «Bununla belə, hadisə, səs nə qədər müxtəlif və yayğın variantlarda ifadə edilsə də, yenə də müəyyən əhatədən, dairədən kənara çıxa bilməz: bu müxtəliflik hərc-mərclik deyildir». [3, s.488]
Təqlidi sözlər uşaq şeirlərində gözəllik yaradır. Hər bir dilin estetik məsələləri həmin dilin gözəlliyinə aid olur, ümumi estetika kateqoriyaları və prinsipləri ilə təyin edilir.Bu sözlər uşaq aləminə daha yaxın olan varlıqlarla bağlı olduğuna, uşaq təfəkkürünə, psixologiyasına uyğunluğuna, həm də obrazlılığına görə uşaq şeirləri üçün olduqca işləkdir.