AZƏrbaycanşÜnasliğIN

Вид материалаДокументы

Содержание


Orta əsr ərəb abidəsi “xəridət əl-əcaib və fəridət
Kamal abdullanin «şah ismayil və yaxud «hami səni sevənlər burdadi...», «casus» və «beyrək» pyeslərində postmodernist əlamətlər
Подобный материал:
1   ...   31   32   33   34   35   36   37   38   ...   69

İbrahimov Abbas

ORTA ƏSR ƏRƏB ABİDƏSİ “XƏRİDƏT ƏL-ƏCAİB VƏ FƏRİDƏT

ƏL-QƏRAİB” AZƏRBAYCAN DİLİNDƏ


Orta əsrlərdə ərəb və fars dillərindən dilimizə edilmiş ədəbi tərcümə nümunələri milli ədəbiyyatımızın zənginləşməsində, ədəbiyyat haqqında elmin formalaşması və inkişafında, eləcə də ədəbi əlaqələrin intensivləşməsində, məlum olduğu kimi, müstəsna rol oynamışdır. Həmin nümunələrin ədəbiyyat tarixinin tərkib hissəsi hesab edilməsi də, bu səbəbdən heç kimdə təəccüb doğurmur. Üstəlik, orta əsrlərdə tərcümə edilmiş bu abidələrin bəziləri hətta tərcümə abidəsi deyil, tərcüməçinin özünün orijinal əsəri hesab edilir.

Ərəb və fars dillərindən edilmiş bu tərcümə nümunələri ədəbi əlaqələr, ədəbiyyat tarixi və dil tarixinin öyrənilməsi yönündən zəruri əhəmiyyət kəsb etməklə yanaşı, onlar paleoqrafiya, tarixi orfoqrafiya və mətnşünaslıq məsələlərinin tədqiqi baxımından da dəyərli və mötəbər qaynaqlardır. Belə abidələrdən biri də XV yüzilliyin tanınmış ərəb alimi fəqihi, tarixçisi, ədibi və şairi Siracəddin Əbu Həfz Ömər ibn əl-Vərdinin “Xəridət əl-əcaib və fəridət əl-qəraib” (qəribəliklər xəzinəsi və qəribləliklərin bənzərsizi) adlı əsəridir. Əsər hicri 970 (1563)-ci ildə dövrünün tanınmış alimi, ədibi, şairi, təbibi, tarixçi və peşəkar tərcüməçisi Mahmud bin Məhəmməd bin Dilşad Şirvani tərəfindən dilimizə tərcümə olunmuşdur. Tərcümə abidəsinin Azərbaycan MEA Əlyazmalar İnstitutunda 4 əlyazma və 1 çap nüsxəsi (Misirdə nəşr edilib) mühafizə edilir: B-5725 şifrli nüsxə, təqribən XVII-XVIII əsrlərdə, B-3031 şifrli nüsxə hicri 1219 (1804-1805)-cu ildə Əbdülqəni Nuxəvi və atası Mirzağa, B-6754 şifrli nüsxə 1209 (1794-95)- cu ildə Nuxada Xalxallı Şeyx Abdulla əfəndi tərəfindən, B-1700 şifrli nüsxə isə təqribən XVII əsrdə köçürülmüşdür. Tekstoloji araşdırmalar nəticəsində B-5725 şifrli nüsxənin və çap nüsxəsinin tərcüməyə daha yaxın olduğunu müəyyənləşdirmiş və tədqiqatımızda onları əsas mətn kimi götürmüşük.

Mütəxəssis araşdırmalarına görə orta əsr tərcümə abidələri, məlum olduğu kimi: 1. Hərfi tərcümə; 2. Sərbəst tərcümə və 3. Əslinə uyğun tərcümə-deyə üç növə bölünür. Müəyyənləşdirmişik ki, Mahmud Şirvani sözü gedən əsəri dilimizə sərbəst tərcümə üsulu ilə çevirmişdir. Belə ki, mütərcim orijinala müxtəlif elm sahələrinə aid məlumatlar, hekayətlər, rəvayətlər, əhvalatlar və şeirlər əlavə etməklə onu daha da zənginləşdirmiş, həcmini dəfələrlə böyütmüşdür. Heyvanlara və nəbatata aid olan fəsillərin tərcüməsində bu daha çox hiss olunur. Belə ki, orijinaldakı heyvanlara həsr olunan 9 səhifəlik fəsil tərcümədə 133 səhifədən artıqdır. Yaxud,meyvələr və onların müalicəvi əhəmiyyətindən bəhs edən orijinalda cəmi 18 səhifəlik fəsil tərcümədə 64 səhifəyə çatdırılmışdır. Tərcümə abidəsinə orijinalda olmayan “Həşaratlar haqqında” yeni bir fəslin əlavə edildiyini də üzə çıxarmışıq. Tərcüməçi əsərin mətninə daxil etdiyi hekayə və rəvayətlərin bir qismini orta əsr mənbələrindən götürmüş, bir qismini isə xalq arasında danışılan folklor nümunələri kimi ayrı-ayrı adamların yaddaşlarından yazıya almışdır. Əhvalatların bəzisi Mahmud Şirvaninin öz başına gəlmiş, bir qismi isə kiminsə ona danışdığı hadisələrlə bağlıdır.

Tərcümə abidəsində poetik nümunələr xüsusi yer tutur: ayrı-ayrı beytlərdən, qitələrdən, şeirlərdən,qəsidə və mənzum hekayələrdən ibarət bu nümunələrin böyük əksəriyyətinin müəllifi Mahmud Şirvaninin özüdür. Onların az bir hissəsini isə orijinalda verilmiş şeirlərin tərcüməsi təşkil edir. Bu parçalarla yanaşı, M.Şirvani tərcümə etdiyi əsərin mətninə Şərqin görkəmli klassiklərinin şeirlərindən də nümunələr daxil etmişdir. Beləliklə, Şirvaninin tərcümə abidəsində verdiyi poetik nümunələri üç qrupa bölmək olar:
  1. Əsərin ayrı-ayrı fəsilləri və bölmələri ilə bağlı tərcüməçinin yazdığı və abidəyə əlavə etdiyi özünün orijinal şeirləri;
  2. Əsərin bəzi bölmələrinin, yaxud bölmələrin bir hissəsinin, yaxud da bu bölmələrdə verilmiş hekayələrin nəzmlə tərcüməsi;
  3. Əsərdə olan və tərcüməçinin başqa Müsəlman Şərqi klassiklərinin poetik irsindən abidəyə əlavə etdiyi şeirlər.

M.Şirvaninin poetik nümunələrə xüsusi diqqət yetirməsi, abidəyə xeyli mənzum nümunələri əlavə etməsi, hətta orijinalın nəsrlə yazılmış bəzi hissələrini nəzmlə tərcümə etməsi onun özünün də şair təbli ədib olmasından, şeirin qayda-qanunlarını yaxşı bilməsindən irəli gəlmişdir.

Orta əsrlərin katib və xəttatlarının sənətkarların əsərlərinin üzlərini köçürərkən müxtəlif səbəblər üzündən təhriflərə yol vermələri və bəzi şairlərin bu təhriflərdən narazılıqlarını bildirmələri ədəbiyyatşünaslığımıza yaxşı bəllidir. Bunlardan xəbərdar olan M.Şirvani İbn əl-Vərdinin göstərilən əsərini tərcümə etməzdən əvvəl onun ən mükəmməl əlyazmalarını əldə etmiş və onları müqayisəli şəkildə tutuşduraraq, fərqli cəhətlərini üzə çıxarmışdır: bununla da o, əsəri tərcümə etmək üçün vahid bir mətn tərtib etmişdir. Bunu mütərcimin əsərin ayrı-ayrı hissələrində etdiyi qeydlər də təsdiqləyir.

M.Şirvani əsərin ayrı-ayrı fəsil və bölmələrinə əlavə etdiyi məlumatları hansı mənbələrdən götürdüyünü də lazım gəldikdə göstərmişdir. Bütün abidə boyu istifadə etdiyi mənbələri nəzərdən keçirdikdə onun “Xəridət əl-əcaib və fəridət əl-qəraib” əsərini tərcümə etməzdən əvvəl bir səriştəli alim kimi tədqiq etdiyi də aşkar görünür. O, bu abidənin tərcüməsinə orta əsrlərin ən görkəmli müəlliflərinin yaratdığı məşhur elm və ədəbiyyat nümunələrini cəlb etmişdir.

“Xəridət əl-əcaib və fəridət əl-qəraib” tərcümə abidəsi XVI əsr tərcümə ədəbiyyatımızın ən dəyərli nümunələrindəndir. Abidənin əhatə etdiyi mövzular rəngarəng olduğundan və müxtəlif elm sahələrini əhatə etdiyindən Azərbaycan dili özünün bütün zənginliyi ilə orada əks olunmuşdur. Doğma dilimzə, eləcə də ərəb və fars dillərinə mükəmməl yiyələnmiş M.Şirvani əsərin ədəbiyyata, tarixə, coğrafiyaya, ilahiyyata, biologiyaya, zoologiyaya, mineralogiyaya, tibbə və b. elm sahələrinə aid olan fəsillərini Azərbaycan dilinin imkanlarından məharətlə istifadə edərək ustalıqla tərcümə etmişdir. Abidənin dilində kifayət qədər ərəb-fars sözləri və tərkibləri olmasına baxmayaraq, tərcümənin dili olduqca anlaşıqlı və sadədir. Əsərin tərcüməsində sərbəst yaradıcı tərcümə üsulundan istifadə etdiyindən mütərcim orijinalın təsirindən çıxmağa müvəffəq olmuş və dilimizin zəngin imkanlarından bəhrələnə bilmişdir. Bununla da o, Azərbaycan ədəbi dilinin XVI əsrdə mövcud olmuş ümumi mənzərəsini yaratmağa müvəffəq olmuşdur. Abidənin leksik tərkibi o dövr ədəbi dilimizin öyrənilməsi üçün olduqca zəngin material verir.

Abidənin müqayisə məqsədi ilə etdiyimiz bəzi hissələrinin tərcümələrini M.Şirvaninin tərcümələri ilə tutuşdurduqda görürük ki o, peşəkar tərcüməçi və ədib kimi öz işinə yaradıcı şəkildə yanaşaraq məntiqi ardıcıllığa xüsusi diqqət yetirmiş və orijinalı olduğu kimi hərfi tərcümə etməkdən uzaq olmuşdur. Onun mətnə etdiyi əlavələrin bir qismi də, məhz oradakı fikir dolaşıqlığını aradan qaldırmaq, məntiqi ardıcıllığı bərpa etməklə bağlı olmuşdur.

M.Şirvaninin tərcüməsində obrazlı ifadələr, təşbehlər, bənzətmələr və s. təsviri ifadə vasitələri xüsusi yer tutur. Mütərcimin işlətdiyi obrazlı ifadələr, təşbeh və bənzətmələrdən görünür ki, o, Azərbaycan ədəbi dilinin poetik fiqurlarını, strukturunu incəliklərinə qədər bilmiş, zəngin xalq danışıq dilinə sıx-sıx müraciət etmişdir. Tərcüməçinin dilinin sadəliyi, aydınlığı, eləcə də dərinliyi və zənginliyi göz qabağındadır.

“Xəridət əl-əcaib və fəridət əl-qəraib” tərcümə abidəsi öz leksik tərkibinin qədimliyi və arxaizmlərin zənginliyi ilə də diqqət çəkir. Abidənin lüğət tərkibində olan bir sıra sözlər və ifadələr zaman keçdikcə ədəbi dildən çıxmış, onların yerini və bildirdikləri mənaları başqaları əvəz etmişdir. Lakin tərcümənin lüğət tərkibinin böyük əksəriyyəti indi də ədəbi dilimizdə işlənməkdədir: qakıyub-acıqlanıb, qəzəblənib, hirslənib; urdu-vurdu;; yürüdilər-getdilər; tışrasında-eşiyində, bayırında; ayruq-ayrı; sunur-uzadır; ismarladı-tapşırdı, xəbər göndərdi; ulaşur-çatır, qovuşur; qanqısı-hansı; kağıd-kağız və s.

Bu arxaizmlərlə yanaşı, tərcümədə dilimizin və ədəbiyyatımızın ən qədim abidələrində, o cümlədən “Kitabi-Dədə Qorqud” eposunda, eləcə də klassiklərimizin əsərlərində işlədilmiş çoxsaylı söz və ifadələrə də təsadüf olunur. Məsələn: yağma eylədilər-qarət etdilər, dağıtdılar; ikündü vaqtı-axşam düşməzdən qabaq; bilgil kim-bil ki; agah olğıl-agah ol və s.

M.Şirvani “Xəridət əl-əcaib və fəridət əl-qəraib” əsərini dilimizə tərcümə edərkən, ona kifayət qədər yaradıcı münasibət bəslədiyindən orijinalın sintaktik xüsusiyyətlərinin təsirinə düşməməyə, dilimzin qrammatik qayda-qanunlarını qoruyub saxlamağa çalışmışdır. Abidədə olan sadə və mürəkkəb cümlələrin quruluşu, cümlələrdəki sözlərin sırası, əsasən dilimizin qrammatik qanunlarına söykənir. Bununla yanaşı, mütərcim orijinalın dilinin, xüsusən sintaktik xüsusiyyətlərinin təsirindən xilas ola bilməmişdir. O, bəzi hallarda orijinalın dəqiq tərcüməsinə meyl etdiyindən ayrı-ayrı söz və ifadələri orijinalda olduğu kimi tərcümə etmiş və bunun nəticəsində də tərcüməyə Azərbaycan dilinə xas olmayan ərəb sintaksisini və ərəb ifadələrini gətirmişdir. Ərəb dilinin sintaktik quruluşunu qoruyub saxlayan hərfi tərcümə özünü daha çox tabeli mürəkkəb cümlələrin çevrilməsində göstərmişdir.

Tərcümə abidəsinin xarakterik xüsusiyyətlərindən biri də bütün fəsillərin və bölmələrin, kiçik başlıqların adlarının orijinalda olduğu kimi, ərəb dilində verilməsidir. Lakin mütərcim bu bölmələrin, fəsillərin, kiçik başlıqların adlarını ərəb dilində olduğu kimi versə də, mətn daxilində onların tərcümələrini və şərhlərini vermişdir.

Tərcümə abidəsində diqqəti cəlb edən amillərdən biri də orada işlədilmiş ərəb dilinə məxsus leksik vahidlərdir. Həmin leksik vahidlərin bir qismi ancaq orijinalda olduğu kimi ərəb dilində verilmişsə, digər qismi həm ərəb, həm də Azərbaycan dillərində işlədilmişdir.

Tərcümə abidəsində ərəb söz və ifadələrinin işlədilməsi yuxarıda deyilənlərlə bərabər, eyni zamanda orta yüzilliklərdə Azərbaycan ədəbi dilində ərəb tərkiblərinin daha çox işlədilməsindən və orijinalın dilinin təsirindən irəli gəlmişdir.

Buraya qədər deyilənlər təsdiq edir ki, “Xəridət əl-əcaib və fəridət əl-qəraib” tərcümə əsəri orta yüzilliklərdə xalqımızın işıqlı zəkalarının Şərq dillərindən dilimizə çevirdikləri ən dəyərli və əhatə etdiyi elm sahələrinə görə ən zəngin mədəniyyət abidələrimizdəndir. Bu abidə dilimizin tarixi inkişaf mərhələlərində əhəmiyyətli rol oynayaraq, istər Azərbaycan ədəbi dilinin, o cümlədən nəsr, poeziya və elm dilinin inkişafı, istərsə də tarixi-coğrafiyanın öyrənilməsi baxımından çox dəyərli mənbədir.


РЕЗЮМЕ

В статье исследуются язык и особенности перевода произведения ученого, литератора и поэта XV века Ибн ал-Варди «Харидат аль-аджаиб ве фаридат аль-гараиб», который был сделан в XVI веке Махмудом Ширвани. Здесь отмечается, что Махмуд Ширвани по мере возможности постарался отдалиться от буквального перевода и подойти к своей работе с творческой стороны. Несмотря на достаточно большое содержание в языке перевода арабо-персидских слов и оборотов, он достаточно прост и доступен. Язык и особенности перевода подробно комментируются выдержками из данного литературного памятника.


SUMMARY

This article covers the investigations conducted by Mahmud Shirvani in the XVI century regarding the translation pecularities and language of monument of “Kharidat al-ajaib and faridat al-garaib” translated into our native language by Ibn al-Vardi, Arabian scientist, literary man and poet. It is noted that, Mahmud Shirvani endeavored to deviate from literal translation as far as possible and assumed creative attitude towards his work. The language of translation is quite intelligible and simple although there are sufficient Arabian-Persian contents and words in the language of translation. The translation pecularities and language of translation are explained in detail with the examples from the monument.


İsmayılova Ləman


KAMAL ABDULLANIN «ŞAH İSMAYIL VƏ YAXUD «HAMI SƏNİ SEVƏNLƏR BURDADI...», «CASUS» VƏ «BEYRƏK» PYESLƏRİNDƏ POSTMODERNİST ƏLAMƏTLƏR


Təsadüfi deyildir ki, son zamanlar hər kəs postmodernizm haqda danışır. Əslində postmodernizm termininə tərif verib, ona tam mənada anlam verməyə çalışsaq, çətinlik çəkməli olacağıq. Belə ki, müxtəlif sahənin mütəxəssisləri ona rəngarəng mənalar verib, müxtəlif aspektlərdən izah etməyə çalışırlar. Postmodernizm Avropa fəlsəfi, bədii-estetik düşüncə tarixində keyfiyyətcə yeni mərhələ sayılır. Postmodernizmin artıq aksiom kimi qəbul olunmuş bir çox əlamətləri və meylləri vardır ki, ona modernizmin həm davamı, həm də inkarı kimi yanaşmağımıza imkan verir. Əgər modernizm iki prinsip- yenilik və keçmişin inkarı prinsipləri üzərində qurulubsa, postmodernizmin başlıca prinsipi dəyərlərin yenidən dəyərləndirilməsidir. Qorxmaz Quliyev yazır:

«Postmodernizm» anlayışının məzmunu ilə bağlı heç bir xüsusi təhlil aparmadan elə onun adı vasitəsilə mahiyyəti, əhatə dairəsi, funksional özümlülüyü haqqında xeyli informasiya əldə etmək olar:söz özü özü haqqında çox şey deyir. Məlum olur ki, birincisi, postmodernizm humanitar fikrin inkişafında öz yerini modernizmdən sonrakı dövrə («post») aid edir.İkincisi, postmodernizm modernizmlə münasibətlərin dialektik xaraktet daşıdığını bəyan edir: bir tərəfdən postmodernizm modernist ənənələri davam etdirir (əks təqdirdə tərkibindəki «modernizm» sözündən imtina edərdi), digər tərəfdən o, modernist konsepsiyaların sıra fundemantal müddəalarından imtina edir, yoxsa yenə də elə həmin «post» sözü vasitəsilə özü ilə modernizm arasında məsafə yaratmaz, ondan fərqli statusa malik olduğunu nəzərə çarpdırmazdı. [26].

Fikrimizcə, postmodernizm anlayışına, onun geneologiyasına verilən düzgün qiymətdir. Postmodernizmin modernizmlə varislik əlaqəsinin başlıca prinsipi kimi onu deyə bilərik ki, əgər modernizm insanı dəyişmək, gerçəkliyə məxsus neqativ cəhətləri inkar etməklə onu dəyişib yenidən qurmaq məqsədi daşıyan fikir tendensiyası və ideologiyasıdırsa, postmodernizm də həmçinin yeniliyə can atan, dəyərlərə yeni baxış bucağından yanaşan, onları yenidən dəyərləndirən bir təmayüldür. Eyni zamanda postmodernizm modernizmin bir çox prinsiplərini dekonstruksiya edir. Modernizm bir cərəyan kimi ənənələri üstün tutan ənənəvi cəmiyyət ideologiyasına qarşı çıxırdısa, postmodernizm isə əksinə, tarixi ənənəyə kəskin inkarçı mövqe nümayiş etdirmir, bu ənənəni yenidən, başqa cür dəyərləndirmənin tərəfdarı kimi çıxış edir. Postmodernizm semiotika, poststrukturalizm (total strukturla mübarizə), dekonstruktivizm (ierarxiyaların desentrasiya və dekonstruksiyası) kimi istiqamətləri özündə ehtiva edir. Postmodernizmin başlıca obyekti- Mətndir. Postmodernist ədəbiyyat nümunələri aşağıdakılardır: ritorika qaydaları, narrativlik, pastiş (pasticco-başqa operaların hissələrindən hazırlanmış; popurri-L.İ), qeyri-elmi, konkret, polifoniklik, semiotika, çoxmənalılıq, mozaik hipermətn, oyun, ironiya, virtuallıq, xəyal, intertekstuallıq, ikili kodlaşma və s.

Postmodernizm sözünü ilk dəfə 1917-ci ildə alman filosofu Rudolf Panviz «Avropa mədəniyyətinin böhranı» əsərində işlədib. Bu tarixi fakt əksər elmi araşdırmalarda bu cür qeyd olunur. Lakin bu terminin hansı məqsədlə işlədilməsi müxtəlif tədqiqatlarda fərqli səslənir. Qorxmaz Quliyev yazır:

Müəllif bu anlayışı Birinci Dünya müharibəsi ilə bağlı Qərb sivilizasiyasının onsuz da müharibə ərəfəsində ağır olan vəziyyətinin faciəvi xarakter kəsb etməsini nəzərə çarpdırmaq üçün işlətmişdir. Bu dövrdə «postmodern» anlayışı əsasən sosioloji-ideoloji səciyyəyə malikdir və estetik fikirdə modernizm qeydsiz-şərtsiz hökm sürür. [26]. Digər mənbədə qeyd olunur: Bu, doğurdan da belədir. Lakin Panviz bu sözü sadəcə, metafora kimi işlədib; xilaskarı, Nitşenin Fövqəlinsanına bənzər xarakteri təsvir edərkən onu postmodern insan adlandırıb. [7, 65]. 1934-cü ildə Federiko de Oniz postmodern sözünü ədəbiyyat kateqoriyası kimi hallandırıb. Bu termini daha sonra ingilis tarixçisi A.Toynbi 1947-ci ildə yazdığı «Tarixin öyrənilməsi» əsərində işlədir. Müəllif məşhur alman tarixçisi-filosofu O.Şpenqlerin sivilizasiyaların hermetik şəkildə bir-birindən təcrid olunması və bu zəmində labüd şəkildə süquta uğraması konsepsiyasını din və mədəniyyət sahəsindən gətirdiyi misallarla sübuta yetirmək üçün postmodernizmə kulturoloji məna verir. [26]. D.Fokkema və U.Ekoya görə, postmodernizmin ilk təzahürlərini hələ Coysun «Finneqansayağı təziyə» (1939) əsərində görmək olar. [23]. Bəziləri onun kökünü Əlcəzair Müstəqillik Müharibəsində və ya xalq arasında mini-inqilaba səbəb olmuş 1968-ci ilin may Paris tələbə iğtişaşlarında axtarır. Həqiqətən də, bu hadisələr əksər postmodernistlər üçün mühüm əhəmiyyət kəsb edir. [ 13]. Bir qayda olaraq, postmodernizmin elmi konsepsiya kimi formalaşmasını 1950-ci illərin sonuna aid edirlər. Lakin bu prosesin ilkin əlamətlərinə daha əvvəlki dövrlərdə rast gəlmək olur. Eko Postmodernizmin tarixi çərçivələri haqda yazır: «Postmodernizmi getdikcə uzaq keçmişə, qədim zamanlara itələyirlər. İlk əvvəl bu termin yalnız XX əsrin ikinci yarısının yazar və sənətkarlarına şamil olunurdu, getdikcə XX əsrin əvvəllərinə, sonra daha da dərinə getdi; dayanacaq nöqtə görünmür və tezliklə Postmodernizm kateqoriyası Homeri də özünə hopduracaq». [7,143].

Görkəmli amerikan ədəbiyyatşünası İ. Hassan postmodernist əsərin 31 əlamətini sistemləşdirib. İ.Hassan terminin «post» sözündəki uğursuzluğundan narahat olur və yazır: «Bu terminin romantizm, klassisizm, barokko, rokoko anlayışları üçün səciyyəvi olmayan daxili düşməni var». Postmodernizm anlayışına modernizmi əvəz edən, yeni, müstəqil bədii üslub kimi baxılacağı bu narahatlıq daha aydın olur. Çünki postmodernizm hələ o qədər yenidir ki, meydana çıxmasından keçən bir neçə on il ərzində onun o qədər də uğurlu ad almayan müstəqil bədii üslub olmasından ciddi danışmaq mümkünsüzdür. [23].

Fikrimizcə, postmodernizmin özündən əvvəlki bütün fəlsəfələrlə varislik əlaqəsi və onlarla yanaşı mövcud olduğundan, onun bir kateqoriya kimi ilkin təzahür forması barədə yekcins fikir söyləmək müəyyən qədər çətinlik törədir. Mişel Fuko, Martin Haydeger, Jak Derrida, J.Dölöz, F.Qvattari, Y.Kristeva, P.de Mann, Rolan Bart, J.Bodriyar, Lesli Fidler, Jan Fransua Liotar, D.Houks, D.Bartelm, K.Vonnequt, R.Syukenin, B.Nabokov, X.Kortasar, X.L.Borxes, Çarlz Cenks, Umberto Eko və s. Postmodernizmin dünyada tanınmış nümayəndələridir.

Son illərdə Azərbaycan ədəbiyyatında postmodernizmin artıq qəbul olunmuş əlamətlərini və ümumi meyllərini özündə ehtiva edən ədəbiyyat nümunələrinə, postmodernist düşüncənin məhsulu kimi yaranan əsərlərə rast gəlmək olur. Azərbaycan ədəbiyyatında yeni bir mərhələ olan bu bədii nümunələr müasir milli dramaturgiyamızda xüsusilə aydın sezilir.

Kamal Abdullanın 2002-ci ildə işıq üzü görən «Kədərli seçmələr» adlı növbəti kitabında toplanan 3 pyesi- «Şah Ismayil və yaxud «Hamı səni sevənlər burdadi…» ( 2 hissəli tarixi və müasir, mistik və real oyun), «Casus» (yarı mistik, yarı real oyun) və «Beyrək»( iki hissəli dram) pyesləri də kifayət qədər orijinallığı, fərqliliyi, yeni yanaşım tərzi ilə seçilən əsərlərdir.

Məlumdur ki, möhtəşəm, ulu dastanımız olan «Kitabi-Dədə Qorqud» mövzusu Kamal Abdulla yaradıcılığının əsas qayəsini, ana xəttini təşkil edir. Təsadüfi deyildir ki, bir çox ədəbiyyat insanları yazıçının «Yarımçıq Əlyazma» romanını Azərbaycan ədəbiyyatına daxil olmuş ilk postmodernist əsər hesab edirlər. Bu barədə qəzet və jurnallarda, elmi məqalələrdə, internet saytlarında xeyli məlumat verilmişdir. Tədqiqat işimiz yazıçının dramaturji yaradıcılığına həsr olunduğuna, sözügedən roman ətrafında gəzişmələrin və müzakirələrin yetərlilik təşkil etdiyinə görə biz müəllifin pyesləri üzərində dayanmağı daha məqsədəuyğun hesab edirik. «Kitabi-Dədə Qorqud» dastanının motivləri əsasında işlənmiş həm «Yarımçıq Əlyazma» romanı,həm də yuxarıda adı çəkilən «Casus» və «Beyrək» pyesləri dastan materialından xeyli dərəcədə fərqlənir. Demək olar ki, keçmiş silinib atılmadan, köhnəlmiş stereotip və dəyərlər tamamilə yenidən dəyərləndirilir, yeni baxış bucağından,tam fərqli rakursdan yanaşılır ki, bu da postmodernizm istiqamətin bizə diqtə etdiyi əsas prinsiplərdən biri və başlıcasıdır.

Postmodernizmi Modernizmdən fərqləndirən əsas aspektə nəzər yetirək:

«İkili kodlaşma»-müəllifin bir neçə müxtəlif mənayla oyunu deməkdir, o mənaların arasından intellektual oxucu dərində, adi tamaşaçı-oxucu yalnız üstdə olan əlçatan və aşkarı götürür.[7,44].

Müəllifin «Şah İsmayıl və yaxud «Hamı səni sevənlər burdadı...» pyesinin mövzusu tarixdən bizə yaxşı məlum olan Şah İsmayıl Xətainin obrazı üzərində qurulub.Bir əlində qılınc,o biri əlində qələm qələm tutan tarixi şəxsiyyət kimi tanıdığımız bu obraz Kamal Abdullanın sərhədsiz bədii təxəyyülündə tarixi improvizələrlə qarşımıza çıxır.Məhz burda ikili kodlaşma gedir.

Tarixi şəxsiyyətin obrazı gözümüz qarşısında ikiləşir, şair və hökmdar olaraq iki qola bölünür.Pyesdə hətta digər obrazlar da Professor-Lələ, professorun qızı-Taclı xanım, Şumer-Şah, Misirli-Şah İsmayıl,Həki-vəzir,Usta-qorçu zəncir yaradaraq,ikili həyat yaşayırlar.Postmoderndə sərhədlər yoxdur, o sərhədlər virtuallaşdığından,insanın yeri naməlumdur,virtuallıqdadır.Sərhədlər,virtuial məkanlar sanki mövcud deyil, o post-mövcuddur.

Fikrimizcə, postmodernizmin başlıca obyekti-mətn olduğundan, bu pyeslərdə əsasən müəllifin yaradıcılıq amili deyil,onun diqtə etdiyi »mətn»in təhlil olunma prosesi getməlidir. Bu pyes əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin quruluşunda Dövlət Gənclər Teatrında 2003-cü ildə səhnələşdirilmişdir. Teatr Xadimləri İttifaqında müzakirəsi keçirilən bu əsər barədə şair Ramiz Rövşənin fikirləri bir qədər fərqli olub:

«K.Abdullanın əvvəlki əsərlərində azərbaycan dramaturgiyasını təmir etmək prosesi gedirdi. Bu əsərində K.Abdulla artıq fərdilikdən çıxaraq, ictimailəşir.Bu pyesdə məğlubiyyət faktoru ilə barışmazlıq,kompleksdən azad olma amilləri var.İstənilən əsərin yaşamı,gələcəyi onun məişət müstəvisinə keçməsindən asılıdır.Bu cəhətdən K.Abdullanın «Dədə Qorqud»un motivləri əsasında yazılmış «Casus»u diqqətəlayiqdir. «Şah İsmayıl» və yaxud «hamı səni sevənlər burdadır» da da müəllifin bu cəhdi ilə üzləşirik.Əsəri oxuyarkən oradakı keçidlərin qəlizliyi oxucunu bir qədər qorxudur.Amma H.Atakişiyevin yozumunda bu keçidlər öz həllini tapır.[29].

Kamal Abdullanın «Casus» pyesi yarı mistik,yarı real oyundan ibarətdir.Pyesdə Dədə Qorqud, Qazan xan, Burla Xatun, Boğazca Fatma, Beyrək, Aruz Qoca, Şirşəmsəddin, Bəkil kimi obrazlar yer alsa da lakin bir növ «Dədə Qorqud» dastanına xüsusi kodlarla tuşlanıb. «Casus» pyesindəki hadisələr bu gün ətrafımızda baş verən, cərəyan edən prosesləri xatırladır. Pyesin süjet xəttinin əsasında belə bir hadisə durur:məlum olur ki, Oğuzda casus var və bu casus tutulur. Tutulur, lakin cəzalandırılmaq əvəzinə sərbəst buraxılır. Casusun tutulduğu məqamda onun hərəkətini Oğuza ağır bir zərbə kimi qiymətləndirən bütün Oğuz bəyləri sonda onu «günahsız» elan edərək açıb buraxırlar. Çünki casus Boğazca Fatmanın oğludur və o,hər bir Oğuz bəyinə sübut edə bilir ki, bu elə sənin oğlundur.

Görkəmli ədəbiyyatşünas Rəhman Bədəlov «Sirr sirdisə...» (Kamal Abdullanın «Gizli Dədə Qorqud»u və «Casus»u ilə bağlı düşüncələr) adlı məqaləsində yazır:

«Casus» pyesi (əsil səhnədə qoyulan pyesdir) bəzi adamları çaşdıra bilər, halbuki satqınlıq motivləri də («Kitabi Dədə Qorqud»un son boyunu çalışırıq görməyək, eşitməyək), Boğazca Fatma surəti də elə «Kitabi»nin özündən götürülüb. Kimsə deyə bilər ki, təxəyyülü Kamalı çox uzaqlara apardı,Boğazca Fatmanın casus oğlunun əhvalatı, bu oğlun kimdən olduğunun naməlum olması, bu naməlumluqdan komik, hətta qrotesk situasiyaların yaranması, «Kitabi Dədə Qorqud»un qəhrəmanlıq ruhuna ziddir. Razılaşıram, ziddir, prinsipial olaraq ziddir, belə demək olarsa, pyesin intonasyonu qəhrəman deyil, daha çox komikdir, özü də müəyyən mənada kədər içində komiklikdir. Dədə Qorqudun özü belə, pyesdə bütün pafosunu itirir, bəzən ürkək-ürkək pıçıltıya keçir, məyus qalır, ancaq bununla belə müdrikliyini itirmir, axı yaxşı başa düşür ki, insan insandır, ehtirasları olur, yanlışlıqları olur, peşmançılığı olur, amma bütün vəziyyətlərdə bu insana təsəlli lazımdır, məlhəm lazımdır, bəzən sirlərin özünü «torpağa gömmək» məsləhətdir. [ 9].

Fikrimizcə, bu pyesin postmodernizmə işıq salan bir xüsusiyyəti də var. Bildiyimiz kimi, postmodern dünyagörüşü əsasən feminin(qadının) dünyanı necə dərk etməsinə əsaslanır, postmodern fəlsəfə isə dünyaya ənənəvi kişi mərkəzçiliyi (fallosentrizm) mövqeyindən deyil, dünənə qədər azlıqda qalmış, fikirlərinə məhəl qoyulmamış qadının gözüylə baxmağa üstünlük verir. Bu baxımdan Boğazca Fatmanın hər bir Oğuz bəyinə casus olan kəsin «bu məhz sənin oğlundur» olduğunu sübut etməsi və o qədər bəyi «barmağına dolaması» qadının bacarığı və cəsarətindən xəbər verir. Düzdür, onun belə addım atmasına Dədə Qorqud səbəb olmuşdur, lakin o «bu işi yerinə yetirə bilmişdir». Hesab edirik ki, Boğazca Fatma kimi qadınların həyat tərzi cəmiyyətimiz üçün faciə olsa da,məhz bu məqam bir ana əndişəsinin təntənəsi kimi qiymətləndirilməlidir. Xatırladaq ki, «Casus» pyesi Akademik Milli Dram Teatrında əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun quruluşunda 2001-ci ildə tamaşaya qoyuımuşdur.

Kamal Abdullanın «Kədərli seçmələr» kitabında yer alan sonuncu pyesi «Beyrək»(iki hissəli dram) adlanır. Bu pyesdə də, «Kitabi-Dədə Qorqud» dastanından tanıdığımız personajlar yer alıb. «Beyrək» pyesinin ana xəttini Kamal Abdulla «Gizli Dədə Qorqud» monoqrafiyasında, «Yarımçıq Əlyazma» romanında qabardaraq, elmi əsaslarla bu mövzunu müzakirə obyektinə çevirmişdir. Əsərin süjet xətti belədir:Beyrək toy gecəsi qaçırılır, kafirlərə əsir düşür. On altı il dustaq həyatı yaşayır. Əsirlikdə, azadlığa qovuşmaq üçün yalandan kafir qızına vəd verir ki, sağlıqla Oğuza yetişsə, qayıdıb kafir qızını halallıca özünə zövcə edəcəkdir. Kafir qızı Beyrəyə inanıb, onun əsirlikdən qaçmasını təşkil edir. Beyrək sevdiyi sözə asi çıxır. O zamanlar Oğuzlarda sözə asi çıxmaq qeyri-mümkün idi. Əks halda, ulu Tanrının da, Dədə Qorqudun da qəzəbinə tuş gələcəkdir. Nəticədə, Beyrək qılınca doğranır. Bu pyesdə də müəllif öz dəst-xəttinə sadiq qalır. Tarixi Beyrək obrazına fərqli rakursdan yanaşaraq, təxəyyülünü özünəməxsus şəkildə işə salır. Digər tarixi personajlar kimi, Beyrək obrazı da dekonstruksiya olunur.

Beləliklə, istedadlı yazıçı, tanınmış ziyalı, şair-dramaturq Kamal Abdulla dioloji, struktur polifoniyası, çeşidli kodlaşdırma sistemlərinin köməyi ilə ərsəyə gələn məna oyunlarıyla zəngin olan əsərlərin yaranmasına nail olur. Müxtəlif tarixi dövrlərin mifopoetik şüurunu və estetik dram təfəkkürünün modern təzahürlərinin özündə ehtiva edən bu əsərlər fərqli yanaşım tərzi, fərdi üslubu, təsvir və ifadə vasitələri, özəl estetik prinsipləri ilə öyrəşdiyimiz digər ənənəvi əsərlər «sistemi»ndən fərqlənirlər. Bildiyimiz kimi, postmodern fəlsəfi mətndə ümumi dil, vahid dəyərlər kateqoriyası, mütləq həqiqət olmur. Postmodernizm yeniliyə meyl edən, lakin bir çox şeyləri də dekonstruksiyaya məruz qoyan bir tendensiyadır. Postmodernizm fikir müxtəlifliyini alqışlayan, köhnə stereotipləri silib atmayan, dəyərlərə fərqli prizmadan yanaşan, onları yenidən dəyərləndirən bir istiqamətdir. Bu baxımdan, Kamal Abdullanın yuxarıda təhlil predmetinə çəkilən hər bir pyesində postmodernizmin qəbul olunmuş ümumi əlamətlərini özündə ehtiva edən əlamətlərə rast gəlmək olur. Müəllifin sərhədsiz (Postmodernizmdə bütün sərhədlər silinib-atılır!) bədii təxəyyülü, yaratdığı «virtual dünya» obrazı onun modern düşüncə tərzinə malik olmasından, yüksək intellektindən xəbər verir. «Kədərli seçmələr» kitabında yer alan digər 3 pyesdə də postmodernizmin bir çox prinsiplərindən istifadə olunmaqla, daha çox diqqəti cəlb edən məqamlar var. Tarixdən məlum olan mifik obrazlara fərqli, «cəsarətli» baxışı, çoxyönümlü yaradıcılığı, yeni «dəyərlər sistemi» yaratması Kamal Abdullanı bir dramaturq kimi əksər müasirlərindən fərqləndirən xüsusiyyətlərdir.O, dünya elminə «postmodernizm» adı altında daxil olan yeni bir meylin bir çox əlamətlərindən bəhrələnməklə, dərin elmi düşüncəsi, özünəməxsus üslubu və bədii təxəyyül imkanlarını birləşdirərək müasir milli dramaturgiyamıza öz möhürünü vurdu.